Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL
Gündəm / Dünya
Oxunub: 592
19 Kas 2019 | 16:24
Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL

İran İslam Respublikasında sosial etirazlar səngimək bilmir. İranın müxtəlif şəhərlərində benzinin bahalaşmasına görə başlanan kortəbii etirazlar təhlükəsizlik qüvvələri ilə qanlı toqquşma ilə sonuclanıb. Qarşıdurma nəticəsində 9 nəfərin öldüyü barədə məlumatlar yayılıb. Təhlükəsizlik qüvvələri təmsilçiləri arasında da ölənlərin olduğu bildirilir.

Etiraz dalğası Məşhəd, Babol, Tehran, Şiraz, İsfahan, Kərəc, Behbahan, Əhvaz, Sircan və bütövlükdə Xuzistan əyalətini bürüyüb. Təbriz və digər Cənubi Azərbaycan şəhərlərində də etirazlar və polislə qarşıdurma qeydə alınıb. Lakin maraqlı odur ki, İrandakı etiraz aksiyalarında qeydə alınan ölüm hadisəsinin yarıdan çoxu (6 nəfəri) ərəb əyaləti - Xuzistanın payına düşür. İraqla həmsərhəd bölgədə və Fars körfəzinin sahillərində yerləşən Xuzistan əhalisinin 55%-i ərəbdir. İranın ən strateji bölgələrindən biri olan Xuzistan ölkənin ən böyük karbohidrogen yataqları və dünyanın ən böyük neftayırma müəssisələrinin olduğu əyalətdir. İran iqtisadiyyatında Xuzistanın böyük rolu var. İraqla İran arasında 8 illik müharibəyə səbəb olan Şəttül - ərəb çayı üzərində yerləşən Xürrəmşəhr və Abadan isə İran iqtisadiyyatının şah damarı üzərində yerləşir. Xuzistan əyalətində yerləşən 4 ticarət limanının ikisi, 25 neft-kimya müəssisəsinin, zəngin neft və qaz yataqlarının mühüm hissəsi də burada yerləşir.

Beləliklə, ilk baxışdan İranda baş verənlər sırf sosial tələblərlə baş tutan etirazlar kimi dəyərləndirilsə də, hakimiyyətin müxtəlif qolları arasında intriqaların bu məsələdə rolunun olduğunu da inkar etmək mümkün deyil. Yəni, İran siyasi elitasının üç mühüm fiquru – Ruhani, Rəisi, Laricani arasında uzun müddətdir, davam edən qarşıdurma artıq küçələrə keçib. Belə vəziyyət Konstitusiyaya görə ölkənin birinci şəxsi olan dini lider Xamneyini də çətin vəziyyətə salıb.

İran siyasətinin üç ən önəmli siması olan Ruhani-Laricani-Rəisi qarşıdurmasında diqqəti daha çox çəkən fiqur İran məhkəmə sisteminin rəhbəri olan İbrahim Rəisidir. İ. Rəisi 2016-cı ildən ölkənin ən mühüm dini mərkəzi hesab olunan İmam Rza ziyarətgahının rəhbəri təyin olunub və dini lider Xamneyinin ən sadiq adamı kimi tanınıb. Lakin prezident Ruhaninin Rəisi ilə münasibəti birmənalı deyil. Bunun da başlıca səbəbi odur ki, İbrahim Rəisi 2017-ci il seçkilərində hazırkı prezident Ruhaniyə ciddi rəqib olub. Hələ o vaxt seçkilər göstərdi ki, Rəisi sıradan namizəd deyil. Seçkilərin rəsmi nəticələrinə əsasən səsvermədə iştirak etmiş 25 milyon seçicidən 14 milyonu Ruhani, 10 milyonu isə Rəisiyə səs vermişdi. Ruhani bu günə qədər Rəisini özünə rəqib görür və ondan çəkinir. Digər tərəfdən, Ruhani islahatçı, Rəisi isə mühafizəkar kimi tanınır. Lakin mühafizəkar qanadın özündə də Rəisi birmənalı qarşılanmır. Əgər bir qisim üçün Rəisi daim qiyamların yaşandığı və ərəblərin sıx yaşadığı Xuzistan əyalətində tərəfdarı olan şəxsdirsə, digərləri üçün İranın ruhani elitasında nüfuza malik biridir.

Hazırkı İran elitasında diqqəti çəkən digər əsas sima İran İslam Respublikası İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricanidir. Əli Laricani və onun digər qardaşları İran siyasətində tanınmış simalardı. Laricani Ayətullah Xamneyinin etibarını tam qazanmış nadir şəxslərdən biridir. Artıq indidən Ə. Laricaninin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı ehtimallar səslənir və onun şansları yüksək dəyərləndirilir. Əli Laricani mötədilllər arasında ən görkəmli sima hesab edilir. Ə. Laricani mühafizəkar Rəisi və islahatçı Ruhani ilə qarşıdurmada olduğu da zaman-zaman mediada qeyd edilir.

İrandakı son etirazlarda əsas hədəf seçilən Prezident Ruhanini islahatçı kimi qəbul edirlər. O, seçkilər öncəsi siyasi məhbusları azad etmək, vətəndaş hüquqlarını təmin etmək və s. vədlər verib. Ruhani əvvəllər yasaq sayılan mövzulardan açıq danışır - nüvə problemi üzrə dünya birliyi ilə qarşıdurma barədə, ölkənin təcrid olunması və beynəlxalq sanksiyaların dağıdıcı təsiri, iqtisadiyyatın ağır vəziyyəti haqqında sadə vətəndaşlarla dialoqa girir.

İranın Ali dini lideri olan Xamneyi isə dövlətinin ən əsas ideoloqudur. Onun nüfuzu, tərəfdarları, gizli və açıq xəfiyyələri o qədər çoxdur ki, ölkədə hər kəs dini liderə ehtiyatla yanaşır. Ölkə dindarları arasında din alimi kimi də Xamneyinin nüfuzu olduqca böyükdür.

Burada maraqlı məqam ondan ibarətdir ki, Xamneyi 1989-cu ildə İranın ali dini rəhbəri olduqdan sonra ölkədə bir nəfər də mühafizəkar prezident olmayıb. Xamneyinin dini lider kimi rəhbərliyi dövründə bütün prezidentlər - Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədnejat və Həsən Ruhani onunla müəyyən problemlər yaşayıblar.

İran siyasi elitasındakı vəziyyət, şübhəsiz ki, etirazlara da təsir göstərir. Lakin sosial etirazların başlıca səbəbi kimi bunu göstərmək doğru olmaz. Hazırkı aksiyalar xarakterinə görə, daha çox sosialyönümlü, işsizlik və iqtisadi böhranın doğurduğu reaksiyaya oxşayır. Nəzərə alınmalıdır ki, son aksiyalarda bir neçə asayiş keşikçisinin xüsusi amansızlıqla qətlə yetirilməsi, eyni zamanda əmlaka ziyan vurulması (yanacaqdoldurma məntəqələrinin yandırılması) kimi epizodlar artıq aksiyalardan təxribat və iğtişaşların qızışdırılması üçün istifadə edilməsi elementləri kimi dəyərləndirilə bilər. Bu cür xüsusi amansızlıqla məhvetmə və dağıtma, öldürmə xalq kütlələrinin etirazından daha çox, təxribatçı (ölkədaxili və ya xarici ola bilər) qrupların qızışdırıcı əməllərinə bənzəyir (Bu, təkcə İrana aid deyil. İstənilən ölkədə xalq etirazı, sosial problemin həlli üçün başlanmış təbii aksiyaların sonradan müəyyən maraqlı xarici və daxili qüvvələr tərəfindən yönləndirilməsi prosesi baş verir-red.) Burada diqqəti çəkən məqam odur ki, İran rəsmiləri də baş verən iğtişaşları iki yerə bölür. Birinci hissəni xalqın sosial vəziyyətlə bağlı tələbi, ikinci hissəni isə kənar qüvvələrin də təhriki ilə təxribat və qətllər təşkil edir. Bununla bağlı açıqlama verən rəsmi şəxslər xalqın tələbinin haqlı olduğunu, məsələnin araşdırılaraq xalqın xeyrinə qərar verilməsinin zəruriliyini vurğulayırlar. Təxribat, təhlükəsizlik qüvvələrinə hücumlar, dağıntılar, yanğınların törədilməsi ilə bağlı səsləndirilən fikirlər isə ondan ibarətdir ki, bu, ayrı-ayrı təxribatçı qrupların və bəzi kənar qüvvələrin işidir. Əlbəttə ki, bu məsələdə ənənəvi olaraq ABŞ-ın adı çəkilir və Vaşinqtonun İranı qarışdırmaq niyyətinə çata bilməyəcəyi qeyd edilir. Hazırda cənub qonşumuzda iğtişaşlar səngimiş kimi görünsə də, prosesin yekunlaşdığını söyləmək hələ tezdir. Hadisələrin inkişafını bir qədər gözləmək lazım gələcək.

Prezident Ruhani və komandası ölkənin iqtisadi problemlərini tam mənada həll edə bilmədi. Bu gün İran iqtisadiyyatı bir neçə səbəbdən durğunluq vəziyyətindədir. Avropa bankları Birləşmiş Ştatların sanksiyalarına görə İranla işgüzar sövdələşmələrdən ehtiyat edir. Digər tərəfdən, Ayətullah Xamneyi özünün anti-Amerika bəyanatları ilə İranla ABŞ arasında gərginlik xəttini artırdığından böyük xarici şirkətlər İslam Respublikasının iqtisadi gələcəyinə yatırım etmirlər. Həsən Ruhani və komandası liberal iqtisadiyyatın tərəfdarıdır, görünən odur ki, Prezident Ruhani islahatlar aparmaq istəsə də, onun bu addımı mühafizəkar qanadın etirazına səbəb olur.

Həsən Ruhani İranı bürüyən etirazlar fonunda öz nüfuzunu və iqtisadiyyatı liberallaşdırmaq şansını itirir. Bu oyunda kimin qalib gələcəyindən asılı olmayaraq, Tehran həm xarici, həm daxili siyasətində ciddi dəyişiklik edəcək kimi görünür...
APA Analytics
Dün, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək
Dün, 18:32
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
Dün, 17:57
"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
Dün, 17:25
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
Dün, 12:17
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
Dün, 10:33
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
12-05-2026, 18:14
Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib
12-05-2026, 17:43
Şagirdlər üçün çox vacib sənəd hazırlandı
12-05-2026, 17:10
İran təsir zonasını 10 dəfə artırıb
12-05-2026, 16:39
Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
12-05-2026, 16:25
Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək
12-05-2026, 15:30
SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib
12-05-2026, 11:49
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
12-05-2026, 11:06
İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib
12-05-2026, 10:33
Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək
12-05-2026, 10:01
Biləcəridə işıq olmayacaq
12-05-2026, 09:28
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır
12-05-2026, 08:48
Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb
11-05-2026, 17:26
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
11-05-2026, 16:25
Gürcüstanın yeni patriarxı seçilib
11-05-2026, 13:29
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
11-05-2026, 12:12
Tərtərdə iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
11-05-2026, 10:33
İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib
10-05-2026, 11:00
“AP-ni sərt tənqid edən Azərbaycandan suveren xarici siyasət nümunəsinin şahidi oldum”
10-05-2026, 10:30
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
10-05-2026, 10:00
Premyer Liqa: XXXI turun son oyun günündə "Turan Tovuz" və "Neftçi" komandaları meydana çıxacaq
10-05-2026, 09:11
İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı