İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.
Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.
Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq "yaşıl enerji"yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.
Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.
Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.
Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və "yaşıl enerji" imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.
Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır.
Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!".
Dün, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Dün, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
Dün, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Dün, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
Dün, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Dün, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
Dün, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
Dün, 11:17
AAYDA vətəndaşlara müraciət edib
Dün, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
Dün, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
28-08-2026, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28-08-2026, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
28-08-2026, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
28-08-2026, 14:47
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
28-08-2026, 14:09
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
28-08-2026, 12:53
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
28-08-2026, 12:21
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB
28-08-2026, 11:49
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
28-08-2026, 11:18
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
28-08-2026, 10:41
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
28-08-2026, 10:17
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
28-08-2026, 09:05
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
27-08-2026, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
27-08-2026, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
27-08-2026, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
27-08-2026, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM