Əlilliyin təyinatında yeni meyarlar, yoxsa yeni əngəllər? - ARAŞDIRMA

Muradın 19 yaşı var. Amma özü ilə birgə doğulan xəstəliyi onu yaşıdlarından fərqləndirib. Boyu və daxili oqranları normal inkişaf etmədiyindən dostlarına qoşulub məktəbə də gedə bilməyib. Ancaq evdə anası və ailə üzvləri ilə danışıb. Bu üzdən kənar şəxslərlə ünsiyyətində də problemlər yaranır – kimsə ilə danışmır.
Anası Vəfa Məmmədovanın verdiyi məlumata görə, doğuşdan xəstəliklə dünyaya gələn Arifzadə Murad Adil oğluna həkimlər hipofizar nanizm – cırtdanboyluluq diaonozu qoyublar. Bir müddət ailə bütün gücünü toplayaraq onun müalicəsi ilə məşğul olub. Ancaq bu yetərli deyldi. Xəstəliyin müalicəsi mümkün olsa da dərmanları çox bahadır deyir ana:
"Muradın taleyi ancaq bir iynədən asılıdıır. O da çox bahadır. Ən ucuzunu 260 manata alırdıq. Ayda ən azı 4 iynə almalıyıq. Əvvəllər müxtəlif işlərdə çalışaraq aldığım az məbləğləri üst-üstə qoyub alırdım. Artıq son vaxtlar ala bilmədik. Məcbur qalıb İrana üz tutduq. Orada dərmanların qiymətləri ucuz olduğundan xeyirxah insanların yardımı sayəsində bir neçə iynə ala bilirdim. Bununla Muradı nisbətən irəli apara bildik. Ancaq müalicəsini tam təmin edə bilmirik”.
Xeyriyyəçilərin dəstəyi ilə müalicə alıb
Çarəsiz qalan ailə Murada əlillik dərəcəsi almağa qərar verib. 2009-cu ildə qeydiyyatda olduqları Ağdam rayonunda yerləşən Tibbi-Sosial Ekspert Komissiyasına edilən müraciətə müsbət cavab alıblar. Murada 2-ci qrup əlillik dərəcəsi verilib və kiçik məbləğdə müavinət almağa başlayıb. Ancaq yenə də ailənin dərmanları almağa imkanları olmayıb. V.Məmmədova yaxınlıqdakı ailəni tanıyan xeyirsevər insanların sayəsində ayda 1-2 dərman ala bilib. Bu da uşağın müalicəsi üçün yetərli olmayıb.
Artıq ötən il Muradın 18 yaşı tamam olub. Buna görə əlillik dərəcəsinin yenilənməsi zərurəti yaranıb. Məlumdur ki, son illərdə əlilliyin təyinatında yeniliklər edilib, elektron təyinat sistemi yaradılıb. V.Məmmədova əlilliyin təyin edilməsi üçün 2018-ci ilin əvvəlində yenidən Ağdamdakı TSEK-ə müraciət edib. Qaydalara görə, əlilliyin təyin edilməsi üçün həmin Komissiya həkim rəyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (TSERAS) göndərməlidir. Ancaq qeyri-müəyyən səbəblərdən bu proses xeyli ləngidilib. Ailənin ciddi təkidlərindən sonra yalnız 2018-ci ilin sentyabr ayında həmin rəyin göndərilməsinə nail olublar. Ötən müddətdə isə əlilliyi olan şəxs kimi Murad heç bir müavinət almayıb. Oktyabrda isə M.Arifzadəyə müddətsiz olaraq 3-cü dərəcə əlillik təyin edilib. V.Məmmədova deyib ki, bu qərardan narazı qalıblar. Ancaq onların etirazına reaksiya verən olmayıb:
"Muradı kim görsə, onun 1-ci və ya 2-ci dərəcəli əlil olduğunu deyir. Hətta həkimlər də diaqnozun 2-ci dərəcəyə uyğun verdiklərini deyiblər. Ancaq nəticə başqa cür oldu”.
Bu zaman onun alacağı müavinətin məbləği də aşağı düşüb və V.Məmmədovanın onsuz da ağır durumda olan övladının müalicəsi daha da çətinləşib. Qeyd edək ki, 2019-cu ilin martınadək 2-ci dərəcəli əlilliyi olan şəxslərə 47 manat müavinət verilirdi. Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, aprelin 1-dən bu məbləğ 130 manata qaldırılacaq. 3-cü dərəcəli əlilliyi olan şəxslərə isə 110 manat müavinət təyin edilib. 1-ci qruplar üçün isə bu məbləğ 150 manat çatıb.
İki Nazirlik arasında qalırlar
Araşdırmalar göstərir ki, bu cür hallar və narazılıqlar kifayət qədər çoxdur. Sosial şəbəkələrdə əlilliyi olan şəxslərin toplaşdığı qruplara qısa nəzər salmaqla vəziyyətin nə yerdə olduğunu görmək olar. Əlilliyi olan şəxslər və ya onların üzvləri həkimlərin yanlış diaqnoz qoyaraq onları get-gələ salmasından, məlumatların vaxtında elektron sistemə yükləməmələrindən, eləcə də əlilliyin təyinatının aylarla uzadılmasından şikayət edirlər. Əlilliyi olan şəxslərin sosial və hüquqi müdafiəsi ilə məşğul olan ictimai təşkilatların məlumatlarında da əlilliyin təyinatı ilə bağlı problemlərin davam etdiyi qeyd olunur. Sözügedən problemə münasibət bildirən Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova son zamanlar əlilliyin təyinatı ilə bağlı şikayətlərin artdığını bildirib:
"Əlilliyin təyinatı ilə bağlı hər zaman problemlər yaşanıb və indi də vəziyyət heç də ürəkaçan deyil. Sistemlər və qanunlar elə tez-tez dəyişir ki, birinə öyrəşməmiş, digəri tətbiq olunur. Əvvələr əlilliyin təyinatı Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında təyin olunurdusa, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi vasitəsi ilə təyin olunur. Bu da hər bir insan kimi, bizdə də çaşqınlıq yaradır. Ancaq son dönəmdə bu təyinatla bağlı daha çox şikayətlər var. İnsanlar Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qalıblar”.
Əlilliyi olan şəxsə "sağlamlıq” diaqnozu qoyulub?
S.Kərimovanın sözlərinə görə, bəzi hallarda elektron sistem ümumiyyətlə vətəndaşın əlilliyinin olmadığı cavabını verir. Yenidən müraciət və araşdırmalar zamanı isə nazirliklər müxtəlif açıqlamalarla vətəndaşı daha da çətin duruma salır:
"Bu problemlə bağlı bizə də çox müraciətlər olur. Əlilliyin təyin olunmasında sistem əlil olan insana yazır ki, bu insan əlil deyil. Bu yaxınlarda bir Qarabağ veteranı açıq ürək əməliyyatı keçirib, ürəyinin dörd damarı dəyişdirilib və ömrünün sonuna qədər dərmanla yaşamalıdır. Əlilliyin təyin edilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəndə ona həkimlər bildiriblər ki, siz əlil deyilsiz. O da sual verir ki, əgər mən əlil deyiləmsə, bəs mən niyə ömrümün sonuna qədər dərmanla yaşamalıyam? Müraciət olunduqda isə hər nazirlik özünə məxsus cavab verir”.
İctimai Birlik rəhbəri əlilliyi olan şəxslərin üzləşdiyi digər problemlərə də toxunub. Onun sözlərinə görə, TSEK-lərin yarıtmaz fəaliyyəti nəticəsində təkərli arabaların alınmasında da ciddi problemlər yaşayırlar:
"Təşkilatımıza təhsil almaq, peşə kurslarına getmək, işə düzəlmək, əl işləri ilə satış sərgilərində iştirak etmək istəyən əlilliyi olan şəxslərdən xeyli müraciətlər daxil olur. Biz də çalışırıq ki, tanıdığımız sahibkarlar və ya dövlət qurumları ilə məsələləri həll edək. Ancaq son dönəmdə əlilliyi olan şəxslərin əsas müraciəti təkərli arabaları almaq üçün növbəyə düşə bilməməsi ilə bağlıdır. Bu yaxınlarda təşkilatımıza 3 nəfər məhz bu məsələ ilə bağlı müraciət edib. Təkərli araba almaq üçün əvvəllər qeydiyyatda olduğun tibb müəssəsindən "Forma 88” alırdın və TSEK-ə verirdin. Onlar arayiş verirdi ki, rahat gedib arabanı ala bilirdin. İndi isə əlilliyi olan şəxslər həmin arayışı alırlar, ancaq Bakı TSEK sənədi elektron sistemə yerləşdirmir ki, Protez ortopedik mərkəzdə araba almaq üçün növbəyə düşə biləsən. Dəfələrlə zəng edirsən, telefonu açmırlar, ya da bax belə süründürməçilik yaradırlar. Bir təkərli araba növbəsinə düşmək üçün 8 ay Bakı TSEK-in cavabını gözləyən əlilliyi olan şəxslər var. Məsələ bu yaxınlarda həllini tapıb”.
Yeniliklər nəyi dəyişdi?
Əlilliyin təyinatı ilə bağlı təkliflərinə gəlincə, S.Kərimova bu xidmətin yeni yaradılacaq DOST mərkəzlərinə verilməsini istəyib: "Əlilliyin təyinatı ilə bağlı dövət tərəfindən yeni layihələr işlənib və inanıram ki, yaxın zamanlarda bu məsələ müsbət yöndə öz həllini tapacaq. Ancaq mən bu xidmətlərin yaxınlarda yaradılan DOST mərkəzinə verilməsini istərdim. Düşünürəm ki, həmin mərkəzlərdə əlillik qazanan insanları müayinə edərək avtomatik əlillik dərəcəsi almalarına imkan yaradılmalıdır. Bu, eyni zamanda, süründürməçiliyin və saxta əlillik alanların qarşısını ala bilər”.
İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov əlilliyin təyin edilməsi ilə bağlı müraciətlərin çoxluq təşkil etdiyini deyib. Əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən irəliləyişlərin olduğunu da qeyd edib: "Faktiki əlilliyi olan şəxslər kənarda qalırdı, ancaq sağlam insanlar qeyri-qanuni yollarla əlillik dərəcələri alırdılar. Bu da ədalət prinsipinin pozulmasına gətirib çıxarırdı. Son illərdə qanunvericilikdə edilən dəyişikliklər vəziyyəti nisbətən sabitləşdirib. Artıq əlillik faiz dərəcəsi ilə təyin ediləcək. Bunun əlilliyi olan şəxslərin işlə təminatına müsbət təsir göstərəcəyinə ümid edirik”.
C.Qasımov əlavə edib ki, icra hakimiyyəti orqanlarında əlilliyi olan şəxslərə münasibətin ürəkaçan olmaması onların cəmiyyətə inteqrasiyasına da əngəl yaradır. Onun sözlərinə görə, əlverişli nəqliyyat, əmək və digər zəruri infastrukturların qurulmaması əlilliyi olan şəxslərə xeyli maneələr yaradır, onların mənəvi-psixoloji durumunu daha da pisləşdirir.
10 ildə 190 minə yaxın artım
Sadalanan və adı çəkilməyən problemlərə və maneələrə baxmayaraq əlilliyi olan şəxslərin sayı ilbəil artır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə (2008-2018-ci illərdə) onların siyahısında 188 min nəfərlik artım müşahidə edilir. Bu müddətdə sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı isə 10 min nəfərdən çox artıb. Bütün bunlar əhaliyə və əlilliyi olan şəxslərə ilkin səhiyyə, eləcə də reabilitasiya xidmətlərinin zəif təşkil edildiyindən xəbər verir.
İllər
Pensiya və ya müavinət alan əlilliyi olan şəxslərin və sayı - Cəmi
onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar
2000
250712
21739
2005
393058
49135
2007
426946
48479
2008
437627
55066
2009
458851
56433
2010
473185
58122
2011
488551
57941
2012
506127
61693
2013
520793
62866
2014
537586
62860
2015
568149
65482
2016
587170
67081
2017
613645
71934
2018
625640
71783
Vaxt uzadılır, səbəbi açıqlanmır
Hüquqşünas Nicat Gözəlov isə əlilliyin təyinatı ilə bağlı problemlərin son illərdə artdığını, yeniliklərin əlilliyi olan şəxslər üçün çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, son illərdə əlillik dərəcələri Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiqlənən meyarlar əsasında təyin edilir. Burada bədənin fizioloji və psixo-nervoloji itkiləri hesabına əmək qabiliyyətinin hansı hissəsinin itirildiyinin müəyyən edilməsi və ona uyğun olaraq vətəndaşa əlillik dərəcəsinin verilməsi nəzərdə tutulub. Adıçəkilən qərarın tələbinə əsasən, elektron müraciətlərə 3 gün müddətində cavab verilməlidir. Hüquqşünas bldirib ki, bir çox hallarda bu müddət aylarla uzanır və səbəbi də açıqlanmır. Nəticədə xəstəlikdən əziyyət çəkən şəxslər maddi itkilərlə üzləşirlər.
M.Arifzadənin üzləşdiyi problemə gəlincə, N.Gözəlov bildirib ki, təyinatdan narazı qalan vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəsmi ərizə ilə mürciət etməlidir: "Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yenidən qiymətləndirmə aparmalıdır. Valideyn övladını ekspertiza mərkəzinə aparmalıdır. Orada onu təkrar müayinə edirlər. Lazımi sənədləri də tələb edirlər. Həmin sənədlərin təqdim edildiyi gündən 3 gün müddətində qiymətləndirmənin cavabını vətəndaşa verməlidirlər”.
Hüquqşünas əlavə edib ki, ƏƏSMN-nin bəzi əməkdaşları təyinatdan nazarı qalan insanların məhkəməyə müraciətlərini tövsiyə ediblər. Bunun onlar üçün əlavə vaxt və maliyyə itikisi olduğunu vurğulayıb:
"Heç bir gəliri olmayan əlilliyi olan şəxs məhkəmə xərclərini qarşılaya bilməyəcək. Üstəlik, hər instansiya məhkəməsində işə baxılması aylarla vaxt aparır. Həmin məhkəmələrin əlilliyi olan şəxslərin xeyrinə qərar çıxarması da sual altındadır. Bu da onsuz da xəstəlikdən əziyyət çəkən və heç bir gəliri olmayan şəxslər üçün əlavə fiziki, mənəvi problemlər yaradır”.
"Qanunların hazırlanmasında yanaşmalar dəyişməlidir”
N.Gözəlov əhalinin sosial müdafiəsini nəzərdə tutan qanunların hazırlanmasında insan faktorunun mənfi istiqamətdə rol oynadığı qənaətindədir: "Əgər həmin layihələri yazan şəxslər əlilliyi və ya digər bir problemi dərk edib ondan əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdırmağı düşünərsə, qanunlar, qərarlar həqiqətən də vətəndaşların sosial durumunun yaxşılaşmasına xidmət edəcək. Əgər insanları deyil, başqa maraqları düşünəcəklərsə, hər hansı yenilik belə insanların rifahını düzəltməyəcək. Sonda yenə də ölkə başçısının hansısa sahə ilə bağlı göstəriş və ya qərar verməsinə zərurət yaranacaq. Bu isə anlaşılan deyil”.
Nazirlik nə deyir?
Yeri gəlmişkən, ƏƏSMN Murad Arifzadənin əlilliyinin qiymətləndirilməsi ilə bağlı şikayətə münasibət bildirib. Göndərişdə əksini tapan diaqnoza (hipopituitarizm, hipofizar nanizm) uyğun olaraq ona üçüncü dərəcə əlilliyin müddətsiz təyin edildiyi qeyd olunub: "Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilən "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.16-cı maddəsinə uyğun həyata keçirilib. Həmin maddədə hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq) halında üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi nəzərdə tutulub”.
Əlavə olaraq Nazirlikdən bildirilib ki, əlilliyin təyin edilməsi ekspert-vətəndaş təması baş vermədən həyata keçirilir. "Belə ki, əlilliyin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsinin göndərişi ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (TSERAS) daxil edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Bu da əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv aparılmasına xidmət edir”.
Nazirlikdən M.Arifzadənin əlilliyinin yenidən qiymətləndirilməsi üçün təkrar elektron sistemə müraciət etmək hüququ olduğu da qeyd edilib.
Yeni meyarlar hazırlanıb
Onu da deyək ki, gələn ildən əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların tətbiqi gözlənilir. Bunun üçün bu il müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Xəbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mediaya açıqlayıb. Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı ƏƏSMN və Səhiyyə Nazirliyinin işçi qrupları geniş araşdırmalar aparıb.
S.Babayev yeni meyarların tətbiqinə keçidlə əlaqədar müvafiq həkim və ekspertlər üçün təlim və treninqlərin keçiriləcəyini də qeyd edib. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsində sənədin 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi qeyd olunub.
7 bacarığa uyğun 4 əlillik dərəcəsi müəyyən ediləcək
Qeyd edək ki, layihədə əlilliyin orqanizmin öz funksiyalarını itirməsinin, fəaliyyət qabiliyyətinin məhdudlaşmasının faizlə qiymətləndirilməsi əsasında təyin olunması nəzərdə tutulur. Belə ki, əlilliyin 4 başlıca dərəcəsi nəzərə alınacaq:
I dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit az əhəmiyyətli funksiya pozuntuları 10-30 % diapazonunda olduqda;
II dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları 31-60 % olduqda;
III dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi funksiya pozuntuları 61-80 % olduqda;
IV dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi əhəmiyyətli funksiya pozuntuları 81-100 % diapazonunda olduqda.
İnsan orqanizmində yaranan xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə bir neçə sabit pozuntu aşkarlanarsa, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir. Bu zaman, ilk növbədə, faiz ifadəsi pozuntunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilən pozuntuya təsiri müəyyənləşdiriləcək. Qiymətləndirmə ayrı-ayrı xəstəliklər sinfi üzrə aparılacaq. Bu zaman əsas 7 həyat fəaliyyəti bacarıqları da nəzərə alınacaq:
1. özünəqulluq bacarığı;
2. sərbəst hərəkətetmə bacarığı;
3. istiqamət seçmə bacarığı;
4. ünsiyyət bacarığı;
5. davranışına nəzarət etmə bacarığı;
6. öyrənmə bacarığı;
7. əmək fəaliyyəti bacarığı.
Yeni meyarlara əsasən, əlilliyin təyin edilməsi müddətləri də dəyişəcək. İnsan orqanizmi funksiyalarının itirilməsi 31-60% aralığında olarsa, ona15 il, 61-80% aralığındakılara 10 il, funksiyalarını 81-100% aralığında itirənlərə isə 4 il müddətinə əlillik təyin ediləcək. Həmin müddətlər bitdikdən sonra ömürlük təyin olunacaq. Bu meyarlar təsdiq edilənədək 5 illik müddətə əlillik müəyyən edilən şəxslərin müddəti qeyd olunan müddətlərə daxil ediləcək.
Bu yeniliklərin əlilliyin təyinatında mövcud olan problemlərin aradan qaldıracağına, xəstəlikdən əziyyət çəkən insanların yaşayışını nisbətən yaxşılaşdıracağına ümid edirik.
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib