Bizi zəfərə qovuşduranların Zəfəri mübarək olsun!
Gündəm / Cəmiyyət
Oxunub: 233
2 Ara 2021 | 13:14
Bizi zəfərə qovuşduranların  Zəfəri mübarək olsun!

Əflatun Qasımov
AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi


O günü hamı kimi mən də dirigözlü açdım. Sevincimi insanlarla yox, yerlə, göylə bölüşmək istəyirdim. Qanadım olsaydı, Vətən səmasında dövrə vurub Qələbə bizimdir! Biz qalib gəlmişik! Qarabağ azaddır! hayqırardım. O gün fərqli gün idi, çox fərqli. Özümə yer tapa bilmirdim, işə tələssəm də, küçədə donub qalmışdım. Sevinc dolu insan seli, sağa-sola şütüyən maşınların siqnal səsi, əllərdə yellənən üçrəngli bayraqlar, sevincdən süzülən göz yaşları, daha nələr, nələr... Hönkürmək istəyirdim, az qalırdım sevincimdən dəli olam. Axı, bu günü 30 ilə yaxın idi gözləyirdik. Təkcə mənmi, xeyr, bütün xalqımız gözləyirdi. Bax, gün həmin gün idi. Sarı Aşığın dediyi kimi - Ay var bir günə dəyməz, Gün var min ayə dəyər. Biz məhz elə o min aya dəyən günü yaşayırdıq. 44 günlük Vətən müharibəsinin hər günü min aya dəyən günlərdəndi...

8 Noyabr - Zəfər Günü adi günlərdən deyil. Obrazlı çıxsa da, şair demişkən, günlərin paytaxtı deyək gərək bu günə. Bu möhtəşəm günün sevincini adi sözlə ifadə etmək çox çətindir. İllər ötüb keçəcək, zaman təzələnəcək və biz bu günün sevincini, təkrarsızlığını uzun müddət xatırlayacağıq. Zəfər Günü “Tarix ədalətli hakimdir” deyiminin nə qədər doğru olduğunu bir daha sübut etdi. Tarix həmişə yazılmır və onu hər kəs yaza bilmir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək bu tarixin yazılmasının canlı şahidi və iştirakçısı olduq. Bu tarixi Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları yazdılar. 2020-ci il sentyabrın 27-də minlərlə vətən oğlu - Vətən yoluna, onun bütövlüyü, tamlığı, azadlığı yoluna çıxdı. Geri qayıdanlar da oldu, Vətən səmasına çəkilib əbədiyaşarlıq qazananlar da. 44 günlük Vətən müharibəsi 2907 Vətən oğluna əbədiyaşarlıq bəxş etdi. Onların çıxdığı yol bir tarix oldu, oxunan, oxunulacaq, yazılan və yazılacaq tarix. Bu tarixi yazan, bayrağımızı azad olunmuş şəhər və kəndlərimizdə ucaldan gənc qəhrəman hərbçilərimiz oldu. O gənclər ki, bu torpaqları heç vaxt görməmişdilər, o gənclər ki, Qarabağdan analarının qucağında çıxmışdılar...
Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq Qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.

Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-biri ilə bölüşdü. Şuşa Qələbəmizin zirvəsi oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu müjdə Azərbaycanı, sözün yaxşı mənasında, ayağa qaldırdı. Şuşanın azad olunduğu gün tariximizə Zəfər Günü kimi yazıldı.
Şuşa əməliyyatını Qələbəmizin zirvəsi adlandıran Prezidentimiz deyir: “İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək, sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır”.
Bəli, Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtuldu. Mədəniyyət beşiyi füsunkar Şuşamızın düşmən tapdağından azad edilməsilə bayram bayrama qarışdı, sevinc göz yaşları selə döndü. Bütün Azərbaycan və bütün türk dünyası sevincə qərq oldu. Xalqımızın 28 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü iyirmi səkkiz il idi yollarda qalmışdı. O, həsrətlə doğmalarına qovuşacağı, yağı düşmənin caynağından qurtulacağı anı gözləyirdi. Hər ili bir əsrə bərabər olan bu 28 ildə Şuşa dərdi ürəyimizdə qubar bağlamışdı. Hər gün yüz dəfə Şuşasız ölüb-dirilmişik. Bu əzaba, həsrətə son qoyulacağı günü səbirsizliklə gözləmişik. Şuşa yenidən əsl sahibinə, Azərbaycanına qovuşdu. Şuşa təkcə şuşalıların yox, bütün Azərbaycan xalqının baş tacıdır. Üçrəngli bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm Qələbəsi idi. Bu, rəşadətli Azərbaycan Ordusunun Qələbəsi idi. Şuşanın azadlığa qovuşması Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbəsi idi. Ali Baş Komandanın da dediyi kimi:

"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

44 günlük Vətən müharibəsində hər gün səbirsizliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə dolu tviter xəbərlərini gözləyirdik. İlham Əliyev hər dəfə televiziya ekranında görünəndə biz hamılıqla onun hər bir sözünə, danışıq tonuna, əl hərəkətlərinə, hətta üzünün ifadəsinə diqqət kəsilərdik. Sözsüz ki, Xalq şairimiz Sabir Rüstəmxanlının "Qələbə tvitləri" şeiri də o günlərin sevincində yoğurulub:

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "Bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Bu İkinci Qarabağ savaşında bir daha özünü göstərdi. Türkiyənin mənəvi-siyasi dəstəyi gücümüzə güc qatdı. Türkiyə yenə yanımızda oldu, yanımızdadı, həmişə də yanımızda olacaq.44 günlük Vətən savaşında Türkiyə PUA-ları düşmənin başına od ələyirdi. “Bayraktar”ın yaxınlaşdığını hiss edən erməni əsgərləri gizlənməyə sıçan deşiyi axtarırdılar.
Bu gün türk qardaşlarımız Qarabağın bərpasında da bizimlə çiyin-çiyinə çalışırlar. Prezident Rəcəb Tayyib Ərdoğanın azad olunmuş ərazilərə səfərləri, Şuşada imzalanmış tarixi Bəyannamə, türk şirkətlərinin köməyi ilə tikilən Füzuli Beynəlxalq Hava Limanı, Zəngilanda təməli birgə qoyulan “Dost Aqropark”ı qardaşlıq dastanının yeni, parlaq səhifələridir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bir-birinə “əziz qardaş” deyə müraciət edirlər.

Şanlı Qələbəmizdən ötən 365 gün çox da uzaq tarix deyil. Ötən il sentyabrın 27-də xalqımız “ya Qarabağ, ya ölüm” deyib çətin bir yola çıxdı. O yolda qanlar töküldü, qurbanlar verildi. Amma Azərbaycan əsgəri dayanmadı, bütün sədləri, istehkamları yarıb keçdi, 44 günlük Zəfər yürüşündə bir an da tərəddüd etmədən yalnız irəli getdi, düşməni məhv edib Vətən torpağından qovdu. Müharibə qurtarar-qurtarmaz, Qarabağın bərpasına başlanıldı. Cəmi bir il əvvəl qızğın döyüşlərin getdiyi bu yerlərdə asfalt yollar çəkilib, beynəlxalq aeroport tikilib, “Ağıllı kənd”lər salınır. Qarabağda işığımız yanmağa başlayır. Qarabağımıza həyat qayıdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərləri ənənə halını alıb. Xalqımıza inam bəxş edən bu səfərlər zamanı bir-birindən mühüm infrastruktur obyektlərinin açılışları edilir, yenilərinin təməlləri qoyulur. Hələ qarşıda bu yerlərdə neçə-neçə tarixi açılışlara, təməl qoymalara, bir-birindən mötəbər, nüfuzlu tədbirlərə şahidlik edəcəyik.
44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan Qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.
Tarixi Zəfərimizin ildönümünü qürur, iftixar, sevinc hissi ilə qeyd etdiyimiz bu günləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik. Onların Vətən qarşısında gördüyü bu böyük iş heç vaxt unudulmayacaq. Azı ona görə ki, Zəfər yolu ilə doğma, əziz Şuşamıza üz tutan hər bir kəs bu yolu Vətən sevgisi ilə, qanı-canı bahasına qət edənləri mütləq anacaq, onların ruhuna dualar oxuyacaq. Xalqımızı Zəfərə qovuşduran o 44 günün hər anı, hər saatı onlarla bağlıdır. Bizi zəfərə qovuşduranların Zəfəri mübarək olsun!
Bugün, 14:52
İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
Bugün, 14:02
Prezident Şuşaya getdi - Fotolar
Bugün, 12:42
İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib
Bugün, 10:15
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Bugün, 10:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib
Bugün, 09:49
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
Dün, 15:08
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
Dün, 13:14
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
Dün, 12:11
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
Dün, 11:40
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
Dün, 10:50
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Dün, 10:10
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Dün, 09:18
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Dün, 09:03
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Dün, 08:51
Azərbaycanda Qurban bayramı qeyd edilir
26-05-2026, 18:43
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
26-05-2026, 18:19
Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir
26-05-2026, 17:50
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
26-05-2026, 17:34
Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
26-05-2026, 17:16
Prezident bir sıra məhkəmələrə sədr təyin edib
26-05-2026, 16:45
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
26-05-2026, 15:55
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
26-05-2026, 15:06
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik
26-05-2026, 12:38
Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"
26-05-2026, 11:47
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək
26-05-2026, 10:32
Türkiyədə bələdiyyə sədri saxlanılıb
26-05-2026, 09:38
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq